Ana səhifəyə dönüş

ƏLLƏRİNİZİ YUYUN: SAĞLAMLIQ ƏLLƏRİNİZDƏDİR.

Dr. Recai OĞUR*,

Dos.Dr. Metin HASDE*

*GATA Halk Sağlığı AD/ANKARA

Tərcumə edən: Dr.Məharət Rzayev.

Giriş

İldə təxminən 1 milyon gastrointestinal xəstəlik, 400 milyon ABŞ dollarlıq müalicə məsrəfi, 60.000 yataqda müalicə, 250 ölüm, 3000 şigellyoz və 10.000 Hepatit A xəstəliyi. Bu rəqəmlər Massachusetts xalq sağlığı (gigiyena və epidemiologiya) bölməsi tərəfindən ABŞ-da 1995-ci il üçün irəli sürülən “yetərsiz əl yuma və pis əl gigiyenası” tablosunun nəticələridir (1).

Mövzunun əhəmiyyətini hamı bilir, ancaq çox adam riayət etmir (2).

Hal-hazırda xəstəxana içi infeksiyaların sürətlə yayılma səbəbi kimi, xüsusilə tibb işçilərinin hər xəstə iə təmasdan əvvəl və sonra əllərini yumamaları göstərilir (2,3). Yoluxucu xəstəliklərin dünyada ən çox görülən və ən çox öldürən xəstəlik qrupunu yaratdığı və uyğun əl yuma təcrübəsinə insanların hamısının sahib olması nəticəsində bu xəstəliklərdə əhəmiyyətli dərəcədə azalma ola biləcəyi üçün (2) mövzu çox əhəmiyyətlidir.

Əl Yuyarkən Diqqət Etmək Lazım Olanlar

Şəxsi gigiyena olaraq qəbul edilən əl yumada məqsəd, kimyəvi, fiziki maddələrin və infeksiya törədicilərinin uzaqlaşdırılmasıdır. Sadəcə su ilə əl yuyulması zamanı bunları mexaniki olaraq uzaqlaşdırmaq istənir, ancaq, təmizlik tam mümkün olmur. Buna görə şəxsi təmizlikdə su ilə bərabər sabun istifadə etmək lazımdır (4,5).

Sabun sadəcə əlin dezinfeksiyası üçün deyil, allergiyaya səbəb olan maddələri də (nikel, qurğuşun, dəmir vs.) uzaqlaşdırılmasında ən təsirli yollardandır(5).

Normal qəlib sabunla maye sabunun təsiri eynidir. Ancaq, qəlib sabunların olduqları mühit və istifadə edən insanların əllərini yuduqdan sonra sabunu təmizləmədən yerinə qoymaları səbəbiylə qəlib sabunlar kirlənmə mənbəsi ola bilər. Bunun üçün də, xüsusilə ictimai yerlərdə maye sabun istifadəsinə üstünlük verilməlidir.

Normal sabunlarla və ya içində əlavə maddələr olan sabunlarla əl yuyulduğu zaman bir çox mikroorqanizm uzaqlaşdırıla bilir. Ancaq, içində xlorheksidin və povidon-yod olan sabunlar başqalarından daha təsirlidir. Triklozanlı maye sabunların isə təsirinin az olduğu, hətta bəzi araştırmalarda təsirinin normal maye sabunlar ilə eyni olduğu nəticəsi alınmışdır (6-14).

Qısaca (2,5,11,12,14,15):

· Birinci növbədə ilıq və ya dözə biləcəyiniz istilikdə su istifadə edin.

· Sabun istifadə edin (xüsusilə antimikrobial).

· Əllərinizin hər yerini – bilək, ovuc içi, barmaqlar və barmaq araları, əlin arxası və dırnaqları – tam yuyun (imkan varsa dırnaq fırçası ilə dırnağın altını da yuyun).

· Əllərinizi ən az 15 saniyə ovxalayın.

· Əllərinizi qurutmağa dirsəkdən başlayın və əllərinizə və barmaq uclarınıza doğru irəliləyin. Əllərinizi qurutduğunuz zaman ovxalamayın və dəsmalı əlinizə çırparaq qurulayın.

Əl yumanın tarixi tərəfi

Bostonlu həkim olan Vendel Holms puerperal qızdırmanın qarşısını almaq üçün əl yumanın əhəmiyyətini göstərən ilk araştırmaçı olaraq bilinsə də, tibb tarixi 1847-ci ildə doğumda əl gigiyenasının əhəmiyyətini göstərən və metod olaraq həyata keçirən İqnaz Filip Semmelveysi tibbdə əl gigiyenasına diqqət çəkən ilk insan olaraq xatırlayır.

Semmelveys Vyana doğum xəstəxanasında puerperal qızdırmanın infektə insanların otopsiyalarına girdikdən sonrakı dərsdə doğuma kömək edən tibb tələbələri tərəfindən yoluxdurulan hamilələrdə çox qarşılaşıldığını göstərmişdir. Çox ciddi bir şəkildə əl yuyulması qaydası qoyulduqdan sonra bir neçə həftədə ölənlərin faizi 12%-dən 3%-ə düşmüşdür.

Semmelveysin bu araştırması 1861-ci ildə nəşr edilmiş və bu tarixdən etibarən qəbul edilmişdir. Daha sonra Semmelveys “obstetrikdə antisepsisin öncüsü” olaraq qəbul edilmişdir (16,17).

Bu günkü vəziyyət

Larson 1989-cu ildə nəşr edilən və 1879-1986-cı illər arasında əl yuma ilə əlaqədar bütün yazıları birləşdirdiyi məqaləsində “infeksiyaların qarşısının alınmasında əl yumanın hələ də ən əhəmiyyətli metod olduğunu və bu mövzuya diqqət edilməsi lazım olduğunu” göstərir (18).

Daha sonralar bəzi araştırmalarda tibb işçilərindən əl yumağa çox əhəmiyyət verənlərin belə xəstəylə təmaslarının sadəcə 75%-ində əllərini yuduqları, və bu qrupun da həkim və ya tibb bacısı olmadığı bildirilmişdir(19). Yenə eyni araştırmada pratisyen həkimlərin xəstəylə təmasdan sonra əl yuma mövzusunda digər qruplara görə daha həssas olduğu oyrənildi (ancaq, pratisyen həkimlər xəstəylə təmasdan əvvəl əl yuma haqda kifayət qədər həssas olmadılar) (19).

HİV (İÇV) və Hepatit B kimi infeksiyaların bütün dünyada yayılmasından sonra tibb işçiləri özlərini qorumaq üçün daha həssas hərəkət etməyə başladılar və xəstəyə baxarkən əlcək istifadə edilməsi dramatik bir şəkildə artdı.ancaq, bu vəziyyətin yanıldıcı bir yanı ortaya çıxdı – əlcəklər tibb işçilərini qoruyurdu və eyni əlcəklə fərqli xəstələrlə təmas edən tibb işçiləri ilə sıx-sıx qarşılaşılırdı.ən pisi isə tibb işçiləri arasında əl yuma alışqanlığı azalırdı (20).

Bir çox araştırma tibb işçilərinin Semmelveysin araştırmasından xəbərsiz olduğunu və onun təkliflərinin diqqətə alınmadığını göstərir (21).

Ümumiyyətlə, həkimlər tibb işçiləri arasında əl yumağa ən az riayət edən qrupdur və vəzifələri artdıqca vəziyyət qorxunc bir hal almaqdadır (19,22). Xəstəxana infeksiyalarının 30% görüldüyü bir reanimasiya şöbəsində aparılan bir araştırmada əllərini ən az yuyanların həkimlər olduğu çox düşündürücüdür (23,24).

Əl yumanın çox adi və günlük bir iş olması, bu mövzuda aparılan sanitar maarifi işinə əhəmiyyət verilməməsinin əsas səbəbidir. Ancaq, xəstələr arasında aparılan araştırmada qəribə bir nəticə alınmışdır: xəstələrə əl yuma mövzusunda sanitar maarifi verilən bir xəstəxanada tibb işçilərinin əl yuma faizi artmışdır (2,25).

Oxşar şəkildə tibb işçilərinə öyrədilən deyil öyrədən vəzifəsinin verilməsi nəticəsində daha müvəffəqiyyətli oluna bilər.

Əl yuma və xəstəxana infeksiyaları

Qeyri qənaətbəxş əl gigiyenasının bəlkə də ən əhəmiyyətli nəticələrindən biri antibiotiklərə dayanıqlı mikrobların gedərək artmasıdır (3).

Bunun ən açıq nümunələrindən biri, metisilinə dayanıqlı Staphilococcus aureus ştammlarının bəzi səhiyyə təşkilatlarında endemik hala gəlməsidir. Nisbətən yeni antibiotik olan və cərrahiyyədə çox istifadə edilən vankomisinə də dayanıqlıq qazanıldığı görülməkdədir. 1994-cü ilə qədər Center for Disease Control and Prevention (CDC) təşkilatına bildirilən vankomisinə dayanıqlı Enterokok infeksiyalarının bütün xəstəxana infeksiyaları içərisində 14%-ə yüksəldiyi bildirilmişdir. Bu rəqəm 5 il əvvəl, yəni 1989-cu ildə 0% idi (2).

Bu gün enterokokların bəzi ştammları demək olar ki bütün antibiotiklərə dayanıqlıdır. Hadisəyə bir az geniş şəkildə baxarsaq, əl yuma kimi şəxsi gigiyena qaydalarına riayət etməyən tibb işçiləri sayəsində cəmiyyət müalicəyə dayanıqlı infeksiyalara sahib olmuşdur. Təbii ki bunun tərsi də doğrudur.

Qısaca bu gün dünyada olan müalicə metodları ilə müalicə edilə bilməyən dayanıqlı infeksiyalarımız və bunun yayılmasını məhdudlaşdıracaq “uyğun əl yuma” metodumuz var (2).

Nəticə və təkliflər

Uyğun və yetərli əl yuma sadəcə xəstəxana və tibb işçiləri ilə məhdudlaşdırılmamalıdır. Bu qədər vacib və həyati bir mövzu bütün cəmiyyətə qazandırılmalıdır.

Bunu ən təsirli yollarından biri isə həkim və ya tibb işçilərinin xəstənin gözünün qabağında müayinədən əvvəl və sonra uyğun bir şəkildə əllərini yumasıdır.

İnsanların tibb işçiləri ilə hər hansı bir səbəblə qarşılaşmaları tibb işçilərinin əsas vəzifələrindən olan sanitar maarifi işi üçün ən münasib fürsətlərdən biridir və bu fürsət qətiyyən qaçırılmamalıdır.

Əl yuma mövzusunda həyata keçirilən ciddi tədbirlər nə xəstəxana infeksiyalarını, nə də cəmiyyətdə dayanıqlı infeksiyaları azalda bilməmişdir. Buna baxmayaraq əl yuma xəstəxana infeksiyalarının qarşısını almaq üçün CDC tərəfindən yeganə tədbir olaraq bildirilməyə davam edilir.

Əl yuma mövzusuna getdikcə daha çox əhəmiyyət verilir – antimikrobial sabunlar, alkoqollu əl təmizləyiciləri, əl yuma maşınları kimi növbənöv metodlar yoxlanılmaqdadır.

Ancaq mövzu fərdi olaraq ələ alınmalıdır. Uyğun əl yuma texnikası hamı tərəfindən həyata keçirilmədikca gözlənilən nəticələrin alınması mümkün deyil.

Mənbə:
1.TSK Koruyucu Hekimlik Bülteni, 2003 : 1 (9)

http://www.gata.edu.tr/dahilibilimler/halksagligi/khb_2003_09.pdf


2. Azərbaycan-Türkiyə Hərbi Tibb Jurnalı - Fevral 2005. Cild-1. İl-1. Sayı-1

Ana səhifəyə dönüş



Hosted by uCoz